Hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq
Prezident İlham Əliyev bu il noyabrın 4-də Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planının layihəsini 2027-ci il noyabrın 1-dək hazırlayaraq dövlətimizin başçısına təqdim etməlidir.
Milli Fəaliyyət Planı çərçivəsində əsas çirklənmə mənbələrinin qiymətləndirilməsi, atmosferə atılan zərərli maddələrin azaldılması, hava keyfiyyətinin monitorinqinin və rəqəmsal nəzarətin təkmilləşdirilməsi, eləcə də ictimaiyyətin məlumatlara çıxışının genişləndirilməsi nəzərdə tutulur.
Həyata keçiriləcək tədbirlər insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsinə, hava keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişmələrinə dayanıqlılığın artırılmasına xidmət edəcək.

