Azərbaycanın COP29-a sədrliyi iqlim fəaliyyətinə yardım etməyi hədəfləyir - Muxtar Babayev

Azərbaycanın COP29-da sədrliyi iqlimlə bağlı fəaliyyətdə irəliləyişə nail olmaq, nəinki Paris Sazişində müəyyən edilmiş məqsədlərə nail olunmasını təmin etmək, həm də onların həyata keçirilməsini sürətləndirmək məqsədi daşıyır.

Bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin COP29 çərçivəsində keçirilən “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbirdə deyib..

Qeyd edək ki, müraciəti Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev oxuyub.

"Birlikdə, COP28, COP29 və COP30 liderləri olaraq, biz iqlim dəyişikliyinin aktual çağırışına qlobal reaksiyaya rəhbərlik etmək öhdəliyimizdə həmrəyik. COP29-un Sədrliyinin üzərinə götürmək bütün ölkələrimiz üçün həm imtiyaz, həm də əhəmiyyətli məsuliyyətdir. Vizyonumuz ambisiyalı, ədalətli və dürüstdür və qətiyyətli fəaliyyətin təcili ehtiyacına əsaslanır.

Azərbaycan 2024-cü ili “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edib ki, bu da qlobal çağırışların yalnız birgə səylər və missiyanın dəstəyi ilə aradan qaldırılmasına inamımızı əks etdirir. Həmrəylik sadəcə bəyannamə deyil, bizim üçün rəhbər prinsipdir. Azərbaycanın COP29-da sədrliyi iqlimlə bağlı fəaliyyətdə irəliləyişə nail olmaq, nəinki Paris Sazişində müəyyən edilmiş məqsədlərə nail olunmasını təmin etmək, həm də onların həyata keçirilməsini sürətləndirmək məqsədi daşıyır.", - o bildirib.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

 Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.