Energetika naziri: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji keçidində əməkdaşlığa böyük əhəmiyyət verir
Mərkəzi Asiya üzrə Enerji Keçidi İnvestisiya Forumu regionda dayanıqlı enerji transformasiyasını sürətləndirmək, bərpaolunan enerji sahəsində əməkdaşlığı dərinləşdirmək və strateji layihələrin reallaşdırılması üçün investorları cəlb etmək baxımından mühüm platformadır.
Bu sözləri energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində keçirilən Enerji keçidi üzrə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji keçidində güclü əməkdaşlığa böyük əhəmiyyət verir.
“Bu çərçivədə ölkələrimizin enerji təhlükəsizliyini və enerji təchizatında strateji mövqeyini gücləndirmək üçün Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində əməkdaşlığa başlamışıq. COP çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji tərəfdaşlığı sazişi, Səudiyyə Ərəbistanın üçtərəfli layihəyə qoşulması bu istiqamətdə atılan strateji addımlardan biridir və beynəlxalq enerji əməkdaşlığına, yaşıl investisiyaların cəlbinə güclü təkan verəcək”,- deyə, energetika naziri qeyd edib.
P.Şahbazov forum vasitəsilə bütün investorları və potensial tərəfdaşları bu tarixi dəyişimin bir hissəsi olmağa dəvət edib.