Azərbaycanın daha bir mədəni elementi UNESCO siyahısına daxil edilib

Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 3-də elan edilib.

Bununla da, UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.

Qərarın elan edilməsinin ardınca çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni irs nümunəsini dəstəklədiklərinə görə təşəkkür edib.

Sessiyada çıxış edən Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova, ilk növbədə, müsbət qərarın qəbuluna görə Qiymətləndirici Orqana və Katibliyə təşəkkür edib. Qədim ənənələrə söykənən təndir sənətkarlığının Reprezentativ Siyahıya daxil edilməsinin xalqımız üçün əlamətdar olduğunu vurğulayıb. Sürətlə müasirləşən dünyada mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasının xüsusi önəm daşıdığını qeyd edən S.Yusifova bu istiqamətdə Mədəniyyət Nazirliyinin təşəbbüslərindən də danışıb. COP29 çərçivəsində təqdim edilən İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsü haqqında məlumat diqqətə çatdırılıb.

Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı nominasiya faylı Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ildə Xarici İşlər Nazirliyi vasitəsilə UNESCO-ya təqdim edilmişdir. Elementin siyahıya daxil edildiyi 19-cu Sessiyada Mədəniyyət Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz və UNESCO üzrə Milli Komissiya təmsil olunur.

Sessiya öz işini 7 dekabra qədər davam edəcək.