İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Əbdüllətif Camal Rəşid dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

İraq Prezidenti COP29-un uğurla təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik edib.

Dövlətimizin başçısı təbrikə görə təşəkkürünü bildirib, Əbdüllətif Camal Rəşidə COP29-da iştirakı ilə bağlı bir daha minnətdarlığını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.