Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığı məktubunda deyilir:
"Zati-aliləri.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Çoxlu sayda insanın həyatına son qoymuş bu hadisə Azərbaycan üçün böyük itkidir.
Zati-alinizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.
Bu faciə Türk dünyasında hər kəsi dərindən təsirləndirdi, kədərli anlarda birliyin və dəstəyin önəmini xatırlatdı. Bu hüznlü hadisə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik və kədərinizi bölüşürük".