Baş nazir İrakli Kobaxidzenin bəyanatı - TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər.

Baş nazir İrakli Kobaxidzenin bəyanatı

-Cənab Prezident, təşəkkür edirəm. Çox səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, bizim partiyamızın qələbəsi ilə bağlı təbriklərə görə də təşəkkür edirəm. Bu, bizim bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətlidir. Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur.

Bildiyiniz kimi, bu gün iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi. İclas olduqca səmərəli oldu və mən azərbaycanlı həmkarlarıma iclasın yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edirəm. Onu da deyə bilərəm ki, biz əməkdaşlığımızı daha da irəli apara bilərik. Bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır.

Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik. Cənab Prezident, bu dəstəyə görə şəxsən Sizə və Azərbaycana təşəkkür edirəm.

Bizim təkbətək görüşümüzdə ikitərəfli münasibətlərimizin maraqlı müzakirəsi oldu. Biz regionda cərəyan edən prosesləri və qlobal hadisələri müzakirə etdik. Əlbəttə, bütün bu proseslərin bizim ölkələrə təsiri var, bu, bizim siyasi mövqeyimizə də təsir edir. Vacib məqam ondan ibarətdir ki, biz hər bir çağırışla bağlı birlikdə çalışmalıyıq. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq.

Eyni zamanda, bizim münasibətlərin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var. Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinlənləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.

Cənab Prezident, Siz bağlantı layihələrini qeyd etdiniz. Bu, mühüm bir sahədir və bizim ikitərəfli əlaqələrimizin inkişafı baxımından da bu mövzu vacib əhəmiyyət kəsb edir. Bu coğrafi genişlənmədə ölkələrimiz əhəmiyyətli rol oynaya bilər. Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Odur ki, bu layihələr bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da bizim ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək. Bu tərəfdaşlığımızın irəlilədilməsi üçün əlavə səylər göstərməyə hazırıq.

İqtisadi-ticari sahə də çox vacibdir və biz çox məmnunuq ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır. Bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Biz hökumətlərarası komissiyanın iclasında da bunu müzakirə etdik. Bir daha qeyd etmək istəyirəm ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək.

Mən mühüm dəstəyə və tərəfdaşlığa görə azərbaycanlı dostlara və həmkarlara, şəxsən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Biz cənab İlham Əliyevin cari ildə Gürcüstana səfərini gözləyirik və ümid edirəm ki, bu il biz həmin şərəfə nail olacağıq.

Təşəkkür edirəm.