Telefonlar yığılır, şagirdin şəxsi əşyalarında axtarış aparılır - Latviya məktəb təcrübəsi
Latviyada 31 may 2025-ci il tarixindən etibarən "Təhsil haqqında" Qanunda məktəbəqədər və 1-6-cı sinif şagirdlərinin təhsil müəssisəsində mobil telefonlardan istifadə etməsinin qadağan edilməsini nəzərdə tutulan normalar qüvvəyə minəcək. Yeniliyə əsasən, müəllimin mobil qurğulardan tədris prosesində istifadəsinə icazə verdiyi hallar istisna olmaqla, şagirdlərə təhsil müəssisəsində mobil telefondan istifadə etmək qadağandır.
Bəzi təhsil müəssisələrində bu təcrübə artıq tətbiq olunur. Qadağalar praktikada nə kimi görünür?
Belə bir təcrübə Riqadakı “Ridze” ibtidai məktəbində çoxdan həyata keçirilir. Məktəbin direktoru İveta Birkmanenin sözlərinə görə, əvvəllər də bu qaydalar olub, lakin 2024-cü ilin sentyabrında məktəbin daxili qaydalarında telefondan istifadəyə qadağa yalnız aşağı sinif otaqlarında deyil, ibtidai məktəbin bütün siniflərində nəzərdə tutulub.
“Birinci sinifdən dördüncü sinfə qədər olan mərhələdə qadağaların tətbiqi daha asan idi, azyaşlılar telefonlardan daha az istifadə edirdilər. Onlar telefonlarını çantalarında saxlayırdılar. Amma yuxarı siniflərin şagirdləri ilə bağlı problemlər var idi. Məktəb şurasında valideynlər 5-9-cu sinif şagirdlərinin məktəbə gələndə ilk dərsdə telefonlarını təhvil vermələrini, sonuncu dərsdə isə geri qaytarılmasını dəstəkləyiblər".
İ.Birkmanenin sözlərinə görə, məktəbdə bu telefonların yerləşdirildiyi xüsusi telefon qutuları var. Telefonlar yığıldıqdan sonra müəllim qutunu şkafda kilid altında saxlayır."Əlbəttə, hər cür hallar olub. Elə hallar olub ki, telefon gizlədilib, amma şagirdlər onu tapsalar belə, yalnız valideynlərlə birgə müzakirə aparıldıqdan sonra telefonlarını ala biliblər".
“Ridze” ibtidai məktəbinin direktoru deyir ki, o, artıq telefona qoyulan qadağanın ilk bəhrələrini görür. "Məktəbdə uşaq səslərini eşidirik. Fasilələrdə daha yüksək səsləri gəlir, çünki artıq telefonlarda “oturmurlar”. Uşaqlar daha çevik oldular, bir-birləri ilə ünsiyyət, oxu bacarıqları yaxşılaşdı. Əvvəllər heç kim kitabxanaya getmirdi, kitabxanaçılar da narahat idilər. İndi kitabxananı ziyarət edən uşaqlar var. Kitabxanada artıq oxu guşələri var”.
Məktəbin 4-cü sinif müəllimi Aqnese Zitsmanenin sözlərinə görə, aşağı siniflərdə telefon problemi hiss olunmur. İndi onun telefon toplamasına ehtiyac yoxdur, çünki uşağın telefonu varsa, onu çantada saxlayır. O, direktorun fikri ilə razılaşır ki, ən böyük problem yuxarı sinif şagirdləri ilə bağlıdır.
2025-ci il fevralın 1-dən “Təhsil haqqında” qanuna təhsil müəssisəsinin rəhbərinə və ya onun səlahiyyətli şəxsinə aşağıdakı hüquqlar verən norma daxil edilir:
-Şagirdlərin, müəllimlərin və ya digər şəxslərin təhlükəsizliyinə, sağlamlığına və ya həyatına təhlükə yaranarsa, şagirdin şəxsi əşyalarında axtarış aparılacaq.
- Təhlükəsizliyi təmin etmək üçün zəruri hallarda şagirdin məktəbdə hərəkəti məhdudlaşdırılacaq.
İ.Birkmanenin izah etdiyi kimi, bu da faydalı bir norma olacaq. “Əlbəttə, heç kim başqalarının onun əşyalarında axtarış aparmasını xoşlamır”, - deyə direktor etiraf edir. Lakin onun sözlərinə görə, yuxarı siniflərdə elektron siqaretlərlə bağlı problemlər tez-tez olur. "İlk növbədə, şagirdin çantasına qoyduğu şeylərə görə valideyn məsuliyyət daşıyır. Aşağı siniflərdə buna nəzarət etmək mümkün olsa da, yuxarı siniflərdə bu mümkün deyil”.
O izah edir ki, bu vaxta qədər məktəbdə polis əməkdaşları tərəfindən müvafiq reydlər də keçirilib. O vaxtdan bəri elektron siqaretdən istifadə halları azalıb.
Məktəbdə həmçinin şagird geyim qaydaları ilə bağlı qızlara saçlarını bağlamaq, oğlanlara idman geyimində məktəbə gəlməmək və s. kimi müxtəlif tövsiyələr hazırlanıb.
“Təhsil haqqında” qanuna və digər müvafiq hüquqi aktlara edilən dəyişikliklərdə valideynlərin təhsil müəssisəsinə məlumat vermək üçün yeni öhdəliyi var.
Təhsil prosesinin keyfiyyətini və təhlükəsizliyini artırmaq üçün fevralın 1-dən valideynlərdən aşağıdakılar tələb olunacaq:
-Təhsil müəssisəsinə uşağın sağlamlığının vəziyyəti və tədris prosesinə təsir edə biləcək digər hallar barədə yazılı məlumat vermək.
-Bu məlumat həm uşağın məktəbə qəbulu zamanı, həm də uşağın sağlamlığının və ya ailə şəraitinin dəyişməsi hallarında verilməlidir.
Məlumatın verilməməsinə görə valideynlərə 100 ilə 700 avro arasında cərimə tətbiq edilə bilər.
Beləliklə də Nazirlər Kabineti təhsilalanların şəxsi əşyalarının axtarışının aparılması və hərəkətinin məhdudlaşdırılması üçün ətraflı prosedur hazırlamalı və təsdiq etməlidir. Bu norma əlavə təhlükəsizlik tədbirləri tətbiq edir, lakin onun icrası qanunun aliliyinin və şagirdlərin hüquqlarına hörmətin təmin edilməsi məqsədilə ciddi şəkildə tənzimlənəcək.
Oruc MUSTAFAYEV