Dərələyəzdən deportasiya edilmiş deputat Sona Hüseynovanın həyat həqiqətləri - FOTOLAR


SSRİ-də müsəlman və türk xalqlarına qarşı həyata keçirilən deportasiyaların içərisində qədim türk yurdu Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizə qarşı  gerçəkləşdirilmiş bu akt səciyyəvi xüsusiyyətlərinə görə digərlərindən fərqlənir.

Sona Əli qızı Hüseynova

Qəribə də olsa Ermənistan SSR ərazisində öz doğma yurdlarında yaşayan yüz minlərlə  əhalinin deportasiyası yeganə belə aktdır ki, SSRİ-də rəsmi qərarla həyata keçirilib. İ.Stalin Kür-Araz ovalığında pambıqçılığın inkişafı ilə əlaqədar Qərbi Azərbaycandan əhalinin köçürülməsini o vaxtkı Azərbaycan və Ermənistan rəhbərlərinin müraciətləri əsasında həyata keçirilməsini əsaslandırmışdır. Lakin, sonradan bəlli oldu ki, Azərbaycan rəhbərliyi adından göndərilmiş müraciətdə fəaliyyəti birmənalı qarşılanmayan Mircəfər Bağırovun imzası yoxdur. Lakin, Türk dünyasının quru sərhədlərinin  pozmağa yönəlmiş süni Ermənistan dövlətinin yaradılması (xristian bufer zolağı) layihəsinin növbəti mərhələsi İ.Stalin tərəfindən “uğurla” davam etdirildi. Kolxozçuların köçürülməsi adı ilə eyni zamanda, Qərbi Azərbaycanda yaşayan böyük bir ziyalı kütləsi öz doğma yurdlarından  deportasiya edildilər.

Bu gün yüz yaşını qeyd etdiyimiz Sona Əli qızı Hüseynovada belə şəxslərdəndir. Ermənistan SSR Ali Sovetinin deputatı olmuş Sona Əli qızı Hüseynova  20 fevral 1925-ci ildə Dərələyəz mahalının Çivə kəndində anadan olub. 1932-1939-cu illərdə 7 illik Çivə kənd məktəbini əla qiymətlərlə bitirib. Məktəbi bitirdikdən sonra kolxozda işə başlayıb. Tütünçülük üzrə manqa başçısı kimi, 1950-ci ildə Ermənistan SSR Ali Sovetinə Mikoyan rayonunun Çivə, Qovuşuq, Ağkənd, Ələyəz, Qabaxlı, Gədikvəng, Gülüdüz kəndlərinin kolxozçuları özlərinin seçkiqabağı yığıncaqlarında Sona Əli qızı Hüseyinovanı 229 nömrəli Şadin seçki dairəsindən Ermənistan SSR Ali Sovetinə deputatlığa namizəd göstərmiş, o 29 fevral 1951-ci ildə Ermənistan SSR Ali Sovetinə deputat seçilib.

1950-ci ildə “Sovet Ermənistanı ” qəzeti Sona xanım haqqında geniş  məqalə də vermişdir.

SSRİ Nazirlər Soveti № 4083 23 dekabr 1947-ci il, Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqındakı bədnam qərarı ilə,  onun Ermənistan SSR Ali Sovetinin deputatı olması nəzərə alınmadan 1951-ci ilin sonlarında, ailəsi ilə birlikdə sovet Azərbaycanına deportasiya olunub.  Bərdə rayonunun İmirli kəndində bir müddət yaşadıqdan sonra, ailəsinin iqlim şəraitinə uyğunlaşmaması səbəbindən yenidən Çivə kəndinə qayıdan ailə, ermənilər tərəfindən xoş qarşılanmırlar. Bir müddət Çivə kəndində yaşayan Sona xanım, övladlarının təhsil və iş problemi səbəbindən 1976-cı ildə, təkrar sovet Azərbaycanına üz tutur. Bir müddət İmirli kəndində yaşadıqdan sonra, 1979-cu ildə Gəncə şəhərində məskunlaşırlar. Ömrü deportasiyalarda, köçlərdə yollarda keçmiş yurd həsrətli Sona xanımın ən böyük və son arzusu doğulduğu, uşaqlıq və gəncliyinin ən gözəl illərini keçirtdiyi Çivə kəndinə qovuşmaqdır. Sona xanım , hal-hazırda Qərbi Azərbaycanlıların kompakt yaşadıqları, Bərdə rayonunun İmirli kəndində yaşayır. 3 övladı, 8 nəvəsi, 16 nəticəsi  var. 

Sona xanımın doğulduğu  Çivə kəndi  Azərbaycan xalqına bir çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. 1918-ci ildə Çivə kəndinin əhalisi xalq qəhrəmanı Balo bəy Vəkilovun komandanlığı ilə könüllü tabor təşkil edərək Andranikin qoşunları ilə  şücaətlə vuruşmuş,  ermənilərə ciddi itki yaşatmışdır. Onlar kəndi erməni quldurlarına heç vaxt təslim etməmişlər. Kənd camaatı yalnız Qərbi Azərbaycan əhalisi kütləvi şəkildə Cənubi Azərbaycana keçmək məcburiyyətində qaldıqdan sonra yurdlarını tərk etmişlər. Çivə kəndinin əhalisi II Dünya müharibəsində də 29 say-seçmə övladlarını müharibəyə göndərmiş, onlardan on nəfəri qəhrəmanlıqla  həlak olmuş, digərləri isə şücaətlə döyüşərək müxtəlif orden və medallarla təltif edilmişlər.

Sona Hüseynovanın fəaliyyətinin tədqiq olunmasında Prezident Qvardiyasının ehtiyatda olan polkovniki Kamil Dərələyəzlinin də adını qeyd etməyi borc bilirik. 

Onu da qeyd edək ki, Dərələyəz mahalı Keşkənd icmasının rəhbəri, professor Mahirə Hüseynovanın tapşırığı ilə 100 yaşlı Sona Hüseynovanın yaşadığı Bərdə rayonu, İmirli kəndində yubileyi qeyd edilir. 

Bizdə yüz yaşlı yurd həsrətli Sona Hüseynovaya doğulduğu Çivə kəndinin şəfalı sularından dadmagı, elinin yollarında addımlamağı, dağlarının havasını udmağı arzu edirik.

 

Səməd Vəkilov 

tədqiqatçı-hüquqşünas,

Leyla Calalova

ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri,

tarix üzrə fəlsəfə doktoru