Azərbaycanın bank sektorunda yanvar ayı üzrə göstəricilər açıqlanıb

31 yanvar 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 253 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 89 nəfər artaraq 25 452 nəfər təşkil edib.

Yerveinsan.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, fəaliyyətdə olan bankların cəmi aktivləri 53,1 milyard manat, cəmi öhdəlikləri 46,4 milyard manat, balans kapitalı 6,7 milyard manat olub.

Hesabat ayında bankların kredit portfeli 0.1% və ya 37 milyon manat artaraq 27,5 milyard manat olub. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53,5% (14,7 milyard manat); ıı) istehlak kreditləri – 31,1% (8,5 milyard manat) və ııı) ipoteka kreditləri – 15,4% (4,2 milyard manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,3 faiz bəndi azalaraq 1,6% təşkil edib.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79,7%-i və ya 37 milyard manat. Depozit portfelinin 61,1%-i (22,6 milyard manat) hüquqi şəxslərin, 38,9%-i (14,4 milyard manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

 Fiziki şəxslərin əmanətlərinin 66%-i (9,5 milyard manat) milli valyutada, 34%-i (4,9 milyard manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60,8%-i (8,7 milyard manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1,7% və ya 146 milyon manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16,7 milyard manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73,8%-ni təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.5 faiz bəndi azalaraq 33,5% olub.

2025-ci ilin yanvar ayında banklar 71 milyon manat xalis mənfəət, 122,5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib.

Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 1,5% artaraq 34,7 milyard manat təşkil edib.

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 38,2 milyon manat artaraq 2,6 milyard manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır.