Azərbaycan üçüncü dəfə yeniyetmə cüdoçular arasında Avropa Kubokuna ev sahibliyi edəcək

Azərbaycan üçüncü dəfə yeniyetmə cüdoçular arasında Avropa Kubokuna ev sahibliyi edəcək.

Azərbaycan Cüdo Federasiyasından  verilən məlumata görə, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış Quba Olimpiya İdman Kompleksində keçiriləcək.

Federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, ölkəmiz cüdo üzrə beynəlxalq turnirlərin keçirilməsində böyük təcrübə əldə edib: “Artıq ənənə halını almış yeniyetmələrin Avropa Kuboku bu dəfə fərqli regionda – Qubada baş tutacaq. Daha əvvəllər ölkəmizdə analoji turnir iki dəfə Göygöldə keçirilib. Sözügedən yarışların təşkilində əsas məqsəd yeniyetmə idmançılarımızın beynəlxalq yarış təcrübəsini artırmaqla bərabər, cüdonun ölkəmizin müxtəlif regionlarında kütləviləşdirilməsinə nail olmaqdır”.

Qeyd edək ki, Avropa Kuboku mayın 3-4-də keçiriləcək. Turnirdən sonra 5-7 may tarixlərində Qubada yeniyetmə cüdoçuların beynəlxalq təlim-məşq toplanışı reallaşacaq.