Bərdə rayonunun avtomobil yollarının əsaslı təmirinə 1.5 milyon manat ayrılıb - SƏRƏNCAM

Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı vəsait ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.