Pay torpağı olan 58 min ailəyə çıxarış verilib

Prezident İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti indiyə qədər mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının sahibi olan 58 024 ailəyə dövlət vəsaiti hesabına çıxarış verib, 384 760 dövlət aktını isə çıxarışla əvəz edib. 

Yerveinsan.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılmasına, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsinə, həmçinin vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaratmaqdır.

Dövlət başçısı bu il fevralın 28-də sözügedən fərmanının 2.1-ci bəndinə dəyişiklik edib. Əgər indiyə qədər fərmanda 2025-ci ilin yanvarın 1-dən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsi nəzərdə tutulurdusa, müvafiq dəyişikliklə bu müddət 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.