Azərbaycanla Birləşmiş Krallıq arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı anlaşma memorandumu imzalanıb
Energetika naziri Pərviz Şahbazovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld arasında görüş keçirilib.
Nazirlikdən bildirilib ki, görüşdə “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və Böyük Britaniyanın “Xlinks” şirkəti də təmsil olunub.
Azərbaycanla Birləşmiş Krallıq arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Uzunmüddətli enerji tərəfdaşlığının “yaşıl enerji”, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və innovasiyaların tətbiqi üzrə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və “Xlinks” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu GECO şirkətinin icraçı direktoru Fərhad Məmmədov və “Xlinks” şirkətinin icraçı direktoru Ceyms Hamfrey imzalayıblar. Sənəd iki şirkət arasında sualtı kabel layihələri və əlaqədar infrastruktur sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, məlumat mübadiləsi, texniki qiymətləndirmələrin aparılması kimi məsələləri ehtiva edir. Memorandum hüquqi öhdəlik yaratmır və hazırda GECO “Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırması mərhələsindən sonrakı dövr üzrə potensial tərəfdaşlarla danışıqlar aparır.
Qeyd edək ki, GECO “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi Sazişi”nin icrası məqsədilə dörd ölkənin təmsil olunduğu Birgə Müəssisədir. “Xlinks” şirkəti isə irimiqyaslı bərpaolunan enerji və uzaq məsafəli ötürmə xətləri layihələri üzrə ixtisaslaşmış Böyük Britaniya şirkətidir. Şirkətin texniki heyəti Böyük Britaniya-Norveç arasında 720 kilometr uzunluğunda və 1,4 qiqavat ötürmə gücü olan “North Sea Link” (Şimal Dənizi Linki) və Böyük Britaniya-Danimarka arasında 765 kilometr uzunluğunda və 1,4 qiqavat ötürmə gücü olan “Viking Link” (Vikinq Linki) interkonnektorlarının inşasında təcrübəyə malikdir.

