Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - Rəsmi reaksiya
Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbərlərə rəsmi reaksiya verilib.
Yerveinsan.az bildirir ki, “Qafqazinfo” bazar üçün Ağdamın hansı hissəsində yer ayrılması, prosesin nə vaxt başlayacağı ilə bağlı sualları aidiyyəti qurumlara ünvanlayıb.
Ağdam Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, RİH-ə aid hissədə belə bir bazarın inşası nəzərdə tutulmayıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi də müraciətimizə cavab kimi qeyd edib ki, bu barədə heç bir məlumatları yoxdur.
Qeyd edək ki, Bakıdakı maşın bazarının köçürüləcəyi haqda məlumatda belə əsaslandırılır ki, avtomobil bazarı və logistika infrastrukturunun qurulması Ağdamı ölkənin dinamik iqtisadi zonalarından birinə çevirəcək. Həmçinin bura Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq, region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.

