Media: İsveç Finlandiyanın şimalında hərbi texnika yerləşdirməyi planlaşdırır
İsveç NATO-nun Finlandiyanın şimalında formalaşdırdığı çoxmillətli briqada çərçivəsində bu ölkədə hərbi texnika yerləşdirməyi planlaşdırır.
Bu barədə Finlandiyanın “Yle” teleradio şirkəti məlumat yayıb. “Müdafiə əməkdaşlığının gücləndirilməsi çərçivəsində İsveç öz hərbi texnikasının bir qismini Finlandiya ərazisində yerləşdirəcək”, – deyə məlumatda bildirilir. Eyni zamanda, Finlandiyanın şimalında İsveç ordusunun qərargah zabitləri də fəaliyyət göstərəcək. Ordu generalı Mixael Karlenin sözlərinə görə, NATO-nun qabaqcıl mövqe qüvvələrinin şəxsi heyəti adətən 500–800 nəfər olur, lakin ehtiyac yaranarsa, onların sayı 3–5 min nəfərədək artırıla bilər.
Qeyd edək ki, bir müddət öncə NATO-ya üzv ölkələrin müdafiə nazirləri İsveçin rəhbərliyi və Finlandiyanın Laplandiya bölgəsində çoxmillətli qabaqcıl mövqe qüvvələrinin yerləşdirilməsi təşəbbüsünü dəstəkləyiblər. Finlandiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, NATO qüvvələrinin formalaşdırılmasında Böyük Britaniya, Fransa, Danimarka, Norveç, İslandiya və İtaliya iştirak edəcək.//Azərtac

