Paytaxtın müxtəlif rayonlarında oğurluq edən 3 şəxs saxlanılıb

Binəqədi rayonu ərazisində bir nəfərə məxsus yardımçı təsərrüfatdan oğurluq edilməsi və nəticədə zərərçəkənə 14 min manat dəyərində maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 50 yaşlı B.Allahverdiyev və 35 yaşlı C.Quliyev müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən 380 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 53 yaşlı F.Vəliyevin saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.