Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin iclası keçirilib.

AŞF-dən verilən məlumata görə, Milli Xalça Muzeyində təşkil olunan iclasa qonaq qismində Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın da qatılıblar.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qonaqlara “Baku Open 2025”in açılış mərasiminə qatıldıqları üçün təşəkkür edib. O, rəhbərlik etdiyi qurumun FIDE və Türkiyə Şahmat Federasiyası ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm işlər aparılacağını bildirib. Bu il ilk dəfə reallaşdırılan “Azərbaycan Şahmat Turu”na aid region yarışlarında da yüksək təşkilatçılığın vacibliyi qeyd olunub.

AŞF prezidenti ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çenə xatirə hədiyyəsi təqdim edib.

İcraiyyə Komitəsində AŞF-nin hesabat-seçki konfransı ilə bağlı müzakirələr aparılıb.