Fərid Şəfiyev: Bakı İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir

Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda İslamofobiya ilə bağlı səsləndirdiyi prinsipial mövqeyi ölkəmizin bu istiqamətdə qətiyyətli və ardıcıl siyasət apardığını göstərir. Azərbaycan bu sahədə həm siyasi, həm də elmi mərkəzə çevrilib.

Bu fikirləri “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı tədbirin mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə cari il mayın 26-dan 27-dək İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Son iki ilin təcrübəsi onu göstərir ki, Bakı artıq İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir. Bu məqsədlə müxtəlif ölkələrdən olan tədqiqat institutları və müvafiq qurumlarla fəal əməkdaşlıq qurulub.

F.Şəfiyev təəssüflə qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində Azərbaycan xalqı və mədəni irsi dəfələrlə İslamofobiyanın qurbanı olub. Azad olunmuş ərazilərdə dağıdılmış məscidlər, təhqir edilmiş dini abidələr bu siyasətin açıq sübutudur. Artıq münaqişənin həllindən sonra Azərbaycan bu zərərləri beynəlxalq ictimaiyyətə nümayiş etdirərək bu problemin qlobal miqyasda tanıdılmasına nail olub.

Müzakirələrdə yalnız regional deyil, həm də qlobal səviyyədə baş verən hadisələrə toxunulacağını deyən BMTM-in İdarə Heyətinin sədri diqqətə çatdırıb: “Xüsusilə Yaxın Şərqdə - Suriyada, eləcə də Cənubi Asiyada - Pakistan-Hindistan münasibətləri fonunda Hindistanda müşahidə olunan antimüsəlman siyasəti ciddi narahatlıq doğurur. Fransada isə son illərdə müşahidə olunan İslamofobiya Avropada dini dözümsüzlüyün artmasına səbəb olub. Konfrans çərçivəsində süni intellekt və rəqəmsal medianın İslamofobiyanin yayılması və ya ona qarşı mübarizədə rolu geniş müzakirə ediləcək. Yeni texnologiyalar həm təhdid, həm də imkan yaradır, bu balansı düzgün qurmaq üçün alimlər, siyasətçilər və media nümayəndələri birgə fəaliyyət göstərməlidirlər. Əminəm ki, bu konfrans İslamofobiyaya qarşı mübarizədə yeni baxışlar, praktik təkliflər və əməkdaşlıq imkanları yaradacaq”.//Azərtac