“Geoarxeologiya: qədim tarixə fərqli bucaq altında baxış”
Yerveinsan.az xəbər verir ki, 17 aprel 2019-cu il tarixində AMEA Geologiya və Geofizika İnstitutunda “Geoarxeologiya: qədim tarixə fərqli bucaq altında baxış” adlı ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI keçirilib.
Seminarda g.-m. e.n. Rəşid FƏTƏLİYEV məruzə etmişdir.
Məruzənin tezisini təqdim edirik.
Geoarxeologiya – yer elmlərinə məxsus tədqiqat üsullarından istifadə etməklə, arxeoloji məsələlərin öyrənilməsidir. Bunu, yer elmlərinin arxeologiyaya dəstəyi və ya qədim keçmişə fərqli bucaq altından baxışı kimi də başa düşmək olar. Yer elmləri deyəndə isə, ilk növbədə, geologiya, coğrafiya, geomorfologiya, torpaqşünaslıq və s. elmlər nəzərdə tutulur.
Məlumdur ki, son elmi yeniliklər, adətən, öyrənilmə predmeti eyni və ya müxtəlif olan elmlərin qovuşuğunda, təmasında baş verir. Yer və texniki elmlər, humanitar və tibb elmlərinə və ya əksinə, nüfuz edərək bir-birlərini zənginləşdirir. Bu zaman yeni elm sahələri meydana çıxır, nəticədə insanlar özləri və ətraf mühit haqqında daha dolğun informasiya əldə etmiş olurlar. Bu baxımdan arxeoloji tədqiqatların aparılmasında təbiət elmləri, onların metod və yanaşmaları kifayət qədər əhəmiyyətli rol oynayır. Təəssüf ki, respublikamızda bu sahə ilə məşğul olan nə bir laboratoriya var, nə də bir mütəxəssis. Halbuki, Avropa ölkələrində, hətta Rusiyada, Qazaxıstanda və digər keçmiş sovet respublikalarının bir neçəsində artıq bu məsələlərlə yaxından məşğul olurlar.
Geoarxeologiya elmi bir istiqamət kimi XIX əsrin ortalarından formalaşmağa baılamış və XX əsrin ortalarında artıq Şərqi Avropada və Şimali Amerikada xeyli inkişaf etmişdir. İngilis geoloqu Çarlz Layyelin “İnsanın keçmişi”(1863) və rus alimi A.A. İnostransevin “Ladoqa gölü ətrafının daş dövrü insanı”(1882) kitabları qədim insan və ətraf mühit haqqında ilk fundamental əsərlərdir.
Xarici alimlərdən U.F.Libbi, Luis S.B.Liki, Meri D.Liki, K.Renfrü, P.Ban, K.Battser və digərləri, eləcə də rus alimlərindən Q.F.Mirçinik, V.İ.Qromov, B.A.Kolçin, qazax Alan Medoev və başqaları geoarxeologiyanın inkişafında əvəzsiz xidmətlər göstərmişlər. Hazırda bu istiqamətdə Y.V.Kuzmin, M.B.Şunkov, Renato Sala və digərləri aktiv fəaliyyət göstərirlər. Onların əməkləri sayəsində Sibirin və Qazaxıstan çöllərinin ilk insan məskənləri kompleks tədqiq edilmiş, daş dövrü insanlarının əraziyə gəlişinin dəqiq tarixi, istifadə etdikləri daş alətlərin mənbəyi, yaşadıqları ərazinin paleoekologiyası və s. öyrənilmişdir.
Biz də qədim tarixi abidələrimizi, ilk növbədə isə, YUNESKO-nun mədəni irs siyahısında yer almış Qobustan Milli Tarixi-Bədii Qoruğunu, habelə, mağaralarımızı, o cümlədən Əshabi-Kəhf ziyarətgahını kompleks şəkildə, yəni təbiət elmləri mütəxəssisləri ilə birgə, təbiət elmləri üzrə metodları tətbiq edərək öyrənməklə daha dolğun və inandırıcı nəticələr əldə edə bilərik.
Təqdimatda bu kimi məsələlər, o cümlədən ölkəmizdə geoarxeologiyanın durumu araşdırılır və atılmalı olan addımlar barəsində təkliflər verilir.

