Nazirlik: Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar–iyun aylarında aparılan araşdırmalar zamanı işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilmiş 422 min 818 manat məbləğində sosial xarakterli vəsait müəyyən edilib.
Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə tam ödənilib.
Qeyd edilib ki, ödənilən vəsaitin 92 faizini əməkhaqqı, 8 faizini isə zərərə görə ödənc, müavinət və kompensasiyalar təşkil edib.
Hesabat dövründə daxil olan müraciətlərin araşdırılması zamanı 57 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin qanunvericiliyə uyğun gördüyü tədbirlər nəticəsində həmin şəxslər əvvəlki iş yerlərinə bərpa ediliblər.

