Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Bakı World Biznes Mərkəzində ədəbiyyatşünas-alim, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmira Fuadın 2024-cü ildə Azərbaycan çap olunmuş “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” kitabının ingiliscə yayınlanmış “Southern Azerbaıjan ın the dıscourse of ethnocultural values” yeni nəşrinin təqdimatı keçirildi.

Tədbir iştirakçıları öncə Vətən uğrunda canlarından keçən igid şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tarix üzrə fəlsəfə doktoru, dosent, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova tədbiri giriş sözü ilə açdı və iştirakçıları salamladı. Sonra kitab haqqında məlumat verdi. O bildirdi ki, kitabın müəllifi filologiya elmləri doktoru, yazıçı-publisist Esmira Fuad Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçısı, dərin erudisiyalı alimdir. O, dəfələrlə İranda, Güney Azərbaycanda, Təbrizdə və digər şəhərlərdə olub, bir çox sənədlərlə tanış olaraq onlardan əldə etdiyi fakt və materialları öz tədqiqat əsərlərində işıqlandırıb. Ümumiyyətlə, Cənubi Azərbaycanda yaşayan yazıçı və şairlərimizin yaradıcılığı daim onun diqqət mərkəzində olub. L.Məmmədova qeyd etdi ki, ədəbiyyat, tarix, etnoqrafiya, kulturologiya elmlərinin kəsişməsi nəticəsində yaranmış kitab mövzunun orijinallığı və müəllifin problemə dərin yanaşması ilə seçilir. Müəllif xalqımızın son 200 illik tarixinə nəzər salaraq Azərbaycan dili, Azərbaycan toponimləri, milli adət-ənənələrimiz, dad və zənginliyi ilə milliliyin vəhdətini özündə yaşadan milli mətbəx məsələlərinə toxunub. Cənubi Azərbaycanda qadın problemi də müəllifin araşdırmalarının mərkəzində olub. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz və Cənubi Azərbaycan yazıçı və şairlərinin bu məsələyə çox həssas və diqqətli yanaşması, onların cəngavər oğullarımıza, igidlərimizə şeir, poema və nəsr əsərləri qələmə alması müəllif tərəfindən özəlliklə qeyd olunur. L.Məmmədova qeyd etdi ki, oxucular Esmira Fuadın əsərlərinə tez-tez müraciət edər, bu kitabları böyük sevgi ilə oxuyur, alimlərimiz öz araşdırmalarındahəmin əsərlərə istinad edirlər.

Tarix üzrə fəlsəfə doktoru, dosent, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi geniş və əhatəli Mübariz Ağalarlı vurğuladı ki, kitab ensiklopedik xarakterli sanballı bir əsərdir. Güney Azərbaycan məsələsinə yeni bir baxışdır. Əminəm ki, bu “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” (“Southern azerbaıjan ın the dıscourse of ethnocultural values”) Azərbaycan ədəbiyyatşünaslığına dəyərli töhfələr verəcəkdir.

 Yazıçı, jurnalist Aysel Əlizadə Esmira Fuadın dərin yaradıcılığa malik olduğunu vurğulayaraq qeyd etdi ki, Cənubi Azərbaycan ədəbiyyatı mövzusu cəmiyyətdə maraqla qarşılanır. Söylədi ki, Esmira xanım kitabında Azərbaycanın taleyində üç nöqtə kimi qalan üç ayrılıq müqaviləsini şərh edir, tədbirdə Əntiqə xanımın dediyi kimi, güneylilərin dil qaçqınlığından yazır. “Güney Azərbaycan etnokulturoloji diskursunda” kitabı fundamental əsərdir.

Kitabı ingilis dilinə tərcümə edən ədəbiyyatşünas Şəfa Əliyeva Esmira Fuadın yazıları ilə əvvəlcədən tanış olduğunu söylədi. Bildirdi ki, kitab ensiklopedik dəyərə malikdir, tələbə və tədqiqatçılar üçün çox faydalıdır. “Kitabı tərcümə edərkən müəllifin fikirlərini, onun yanaşma tərzini qoruyub saxlanmasına diqqət yetirdim”, – sözləri ilə tərcüməçi çıxışını yekunlaşdırdı.

Şair, publisist, tərcüməçi Aqşin Ağkəmərli tədbirdə iştirak edən hər kəsin ürəyində cənub sevdası olduğunu vurğuladı və bir institutun görə biləcəyi işi təkbaşına həyata keçirən Esmira xanımın güneydə sanki daha çox sevildiyini vurğuladı. Qeyd etdi ki, Güney Azərbaycan şair və yazıçılarının əsərlərində bütöv Azərbaycan həsrəti var.

Sosialist Əməyi Qəhrəmanı, ictimai xadim, kitabsevər  Tərlan Musayeva Güney Azərbaycanın tarixindən, mədəniyyətindən, adət-ənənələrindən bəhs edən kitab yazdığı üçün Esmira Fuada təşəkkür etdi. T.Musayeva dedi: “Bu cür fundamental əsərlərin ərsəyə gəlməsi üçün alimlər çox əziyyət çəkir və Esmira xanım da onlardan biridir”.

Şair, hərbi jurnalist Nazim Əhmədli bu cür əsərlərin yazmağın nə qədər çətin bir iş olduğunu və Esmira xanımın bu çətinliyin öhdəsindən məharətlə gəldiyini bildirdi.

Folklorşünas-alim, filologiya üzrə fəlsəfə doktoru Fəridə Vəliyeva (Hicran) kitabı yüksək dəyərləndirdi və Azərbaycan xanımlarına həsr etdiyi şeirini səsləndirdi.

Şair Kəmalə Abiyeva bu kitabı nə qədər təbliğ etsək belə, yenə də az olduğunu bildirdi. O qeyd etdi ki, Esmira xanım yaradıcılığında Güney Azərbaycan mövzusu başlıca yer tutur.

Şair Nizami Quliyev Cənubi Azərbaycan ədəbiyyatı mövzusunu vacib hesab edərək, müəllifin əsərinə yüksək dəyər verdi və M.Şəhriyarın “Heydər babaya salam” şeirindən bir parça səsləndirdi.

Ziyalı Ofeliya Nəzərova əslən Cənubi Azərbaycandan olduğunu və bu haqda danışılanda çox kövrəldiyini söylədi. Bildirdi ki, biz də bu kitabı övladlarımıza, nəvələrimizə çatdırmalıyıq ki, onlar Güney Azərbaycanı və güneyli soydaşlarımızı, aydınlarımızı tanımalıdırlar...

Azərbaycan nəsrinin çağdaş dövrdə aparıcı üzvlərindən biri, yazıçı Mənzər Niyarlı Esmira xanımla bir yerdə işlədiklərini, onun dərin tədqiqatçı olduğunu, bu mövzu üzərində həvəslə və səylə, yorulmadan çalışdığını, eyni zamanda sədaqətli dost, xeyirxah bir insan olduğunu bildirdi.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Qiymət Məhərrəmli bu kitabı Esmira xanımın Vətən yanğısı ilə yazdığını bildirdi: “İş elə gətirib ki, bir ilə yaxındır Esmira Fuadla eyni şöbədə – Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunın Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində işləməli olmuşam. Və yenidən onun necə çalışqan, fədakar bir millət fədaisi olduğunu daha yaxından müşahidə etmiş, onun millətsevərliyinin canlı şahidi olmuşam...” Q.Məhərrəmli çıxışını Təbriz haqqında şeirlə yekunlaşdırdı.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin üzvü Əntiqə Qurbanova qeyd etdi ki, dünyada olan qaçqınların çoxu humanitar qaçqınlardır, amma Güney Azərbaycanda yaşayan soydaşlarımız dil, mədəniyyət, adət-ənənə qaçqınıdır.

Pedaqoq, yazıçı Zenfira Nusalova müəllifin motivasiya verən bir insan, ciddi tədqiqatçı və ədəbiyyatşünas-alim olduğunu vurğuladı və Aydın İsrafilovun “Məni sağlığımda yoxla, bəsimdir” şeirini söylədi.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair Güllü Eldar Tomarlı qeyd etdi: “Kitabın ingilis dilində işıq üzü görməsi sevindirici haldır. Kitab daha geniş tədqiqatçı və oxucu auditoriyasına çatdırılmalıdır...”

Şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, yazıçı, tərcüməçi Kamran Nəzirli, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, digər qonaqlar kitabın Azərbaycanın hüdudlarından kənarda təbliğ olunmasının sevindirici hal olacağını qeyd edərək, müəllifə və  tərcüməçiyə təşəkkürlərini bildirdilər.

Kitabın müəllifi filologiya elmləri doktoru, yazıçı-publisist,  Esmira Fuad tədbir iştirakçılarına təşəkkürünü bildirdi və kitabın ərsəyə gəlməsi barədə ətraflı məlumat verdi. Məmnunluq duyğusu ilə etiraf elədi ki, “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” mənim ürəyimdən tikan çıxaran, illərdən bəri araşdırdığım, son dərəcə maraqlı gələn və ruhumu ağrıdan taleyüklü məsələlərimizə, o taylı-bu taylı bütöv Azərbaycan dərdlərinə ayna tutan, problemlərini bu aynada əks etdirən  kitabım oldu... Esmira Fuad böyük minnətdarlıq duyğusu ilə kitabın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi vəsaiti ilə nəşr olunduğunu bildirərək əməyi keçən hər bir soydaşımıza təşəkkür etdi.

Tədbirdə şair və yazıçılar, ziyalılar, şəhid ailələri, mədəniyyət işçiləri, geniş ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.

Fotosessiya