“Birlik – 2025” birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə Səmərqənd vilayətində təşkil olunan “Birlik – 2025” birgə regional təliminin oktyabrın 21-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Özbəkistanın müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedov, eləcə də iştirakçı ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Regional təlimin tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verildikdən sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki yerinə yetirilib.

Yüksək səviyyəli qonaqlar birgə komanda məntəqəsinin iş prosesi ilə tanış olublar.

Daha sonra Özbəkistanın Müdafiə Nazirliyi nəzdində Müdafiə Sənayesi agentliklərinin istehsalı olan silah və hərbi texnika nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan və Özbəkistan müdafiə nazirləri, eləcə də digər yüksək səviyyəli qonaqlar “Birlik – 2025” birgə regional təliminin bağlanış mərasimində iştirak ediblər.

General-polkovnik Z. Həsənov tədbirdə çıxış edərək təlimin yüksək səviyyədə təşkilinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib, iştirakçıları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

“Birlik – 2025” birgə regional təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.