Prezident İlham Əliyev Yardımlıda avtomobil yolunun təmirinə iki milyon manat ayırıb - SƏRƏNCAM

Yardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolu təmir olunacaq.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.