Su hövzələrində qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb
Paytaxt və bir sıra bölgələrdə yerləşən su hövzələrində qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil olmuş müraciətlər əsasında müvafiq tədbirlər həyata keçirib.
Araşdırmalar zamanı Xəzər rayonunun Buzovna, Suraxanı rayonunun Bülbülə qəsəbələrində, Abşeron rayonunun Məmmədli kəndində yerləşən göllərdə, eləcə də Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində Qaraçay çayının sahilində və Balakən rayonunda Dəliçay çayı ərazisində su qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib.
Bildirilib ki, həmin su hövzələrinin tikinti-söküntü və məişət tullantıları, bərk və qarışıq süxurlarla qanunsuz doldurulması, akvatoriyaya torpaq və digər materialların tökülməsi, həmçinin sahilboyu mühafizə zolaqlarında torpaq-qazıntı işlərinin aparılması halları aşkarlanıb.
Bundan başqa, su hövzələrində icazəsiz qazıntı işlərinin aparılması nəticəsində relyefin dəyişdirilməsi və hidroloji rejimin pozulması faktları müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

