Con Herbst: Vaşinqton görüşü Azərbaycan ilə Ermənistan arasında konstruktiv dialoqu gücləndirib
Tramp administrasiyası Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə real töhfə vermək niyyətini nümayiş etdirərək avqust ayında Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanı Ağ Evə dəvət etdi. Fikrimcə, bu görüş zamanı əldə olunmuş razılaşmalar Azərbaycan-Ermənistan sülh prosesinin irəliləyişinə əhəmiyyətli dərəcədə təkan verib və tərəflər arasında konstruktiv dialoqu gücləndirib.
Bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin baş direktoru Con Herbst jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Prezident Trampın regiona ən mühüm töhfələrindən biri uzun illərdir Azərbaycan və Ermənistan arasında müzakirə olunan nəqliyyat dəhlizi ilə bağlı təşəbbüsüdür. Bu dəhlizlə bağlı əsas çətinlik onun üzərində nəzarət məsələsi idi, çünki marşrut Ermənistan ərazisindən keçir. Əgər dəhlizin idarə olunması və fəaliyyətinə nəzarət ABŞ tərəfindən həyata keçirilərsə, ərazi səlahiyyəti ilə bağlı mürəkkəb məsələlər aradan qalxar. Bu isə tərəflər arasında gərginliyin azalmasına ciddi şəkildə xidmət edir. Bu addım Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində ən əhəmiyyətli təşəbbüslərdən biridir. Nəqliyyat dəhlizinin irəli sürülməsi yalnız siyasi prosesin tərkib hissəsi deyil, həm də regionun iqtisadi gələcəyinə hesablanan strateji bir layihədir. Dəhliz Azərbaycan, Ermənistan, Türkiyə və Mərkəzi Asiya ölkələri üçün ticarət və investisiya axınının genişlənməsinə imkan yaradır, eyni zamanda, Orta Dəhlizin, Mərkəzi Asiyadan Avropaya uzanan mühüm nəqliyyat xəttinin daha səmərəli fəaliyyətinə töhfə verir. Bu baxımdan Tramp komandasının bu istiqamətdəki səyləri təkcə Azərbaycanla deyil, həm Ermənistan və Türkiyə ilə münasibətlərdə də strateji əhəmiyyət kəsb edir.
“ABŞ-ın Azərbaycanla əməkdaşlığı təkcə sülh təşəbbüsləri ilə məhdudlaşmır. Artıq 30 ildən çoxdur ki, ABŞ Azərbaycanın enerji sektorunun inkişafında aparıcı rol oynayır. Bu gün ABŞ Prezidentinin Cənubi Qafqaza diqqətinin artdığı açıq şəkildə görünür. Bu, həm Azərbaycan üçün, həm də ABŞ üçün müsbət nəticələr yaradır. Vaşinqtonun yüksək səviyyəli rəhbərliyinin regiona, xüsusilə Azərbaycana və Mərkəzi Asiyaya fokuslanmış, praqmatik və konstruktiv yanaşması regional sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açır”, - deyə Con Herbst vurğulayıb.//Azərtac

