Azərbaycanla İran arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb

Noyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional məsələlər müzakirə olunub.

Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun və parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə bu il həyata keçirdiyi iki səfərin münasibətlərə əlavə təkan verdiyi qeyd olunub.

İki ölkə arasında siyasət, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını bildiriblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.