Hikmət Hacıyev NATO-nun Baş Qərargahında olub

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.

Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.

Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.

Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.

Tərəflər həmçinin, uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri, Azərbaycanın Alyansa, o cümlədən Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə də regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı məsələlər daxil olmaqla geniş mövzular ətrafında geniş müzakirələr aparıblar.