Cəlilabadda açıq ərazidə baş vermiş yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu Bakı-Astara şosesinin 104-cü kilometrində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 5 hektar sahədə quru ot, kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.