Bakıda Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
9 dekabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu baş tutub.
Məlumatı Xarici İşlər Nazirliyi yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Rusiya tərəfinə isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.
Tərəflər Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin mövcud vəziyyəti, gündəlikdə duran məsələlər, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə geniş fikir mübadiləsi aparıblar. Bildirilib ki, bu ilin 9 oktyabrında Düşənbədə iki ölkə liderlərinin görüşündə əldə olunan razılaşmalar ikitərəfli siyasi dialoqun əsasını təşkil edir.
Siyasi məsləhətləşmələr zamanı iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri də müzakirə olunub. Bundan əlavə, regional platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib və Azərbaycanla Ermənistan arasında ikitərəfli normallaşma prosesi barədə Rusiya tərəfinə ətraflı məlumat verilib.

