Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir - Məleykə Abbaszadə

Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir.

Yerveinsan.az qeyd edir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, özünü ekspert olmaq üçün həmin sahədə azı, on illik praktik təcrübə olmalı, sıravi işdən başlayaraq müəyyən pillələr keçilməlidir:

"Ekspert bu sahədə konkret fəaliyyət göstərən şəxslərdir. Əgər söhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü “ekspert” adlandırması əsaslı olar.

Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu xidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakin bu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydaları var – məqsəd gəlir əldə etməkdir. Təəssüf ki, bəzi hallarda bu gəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsi piar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır. Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tez ortaya çıxır".

 Məleykə Abbaszadə qeyd edib ki, “təhsil eksperti” kimi tanınanların əksəriyyəti əslində, biznes sahəsində olan insanlardır:

"Onlar özlərini ekspert kimi təqdim edirlər, amma elmi və praktik baza baxımından bu rola uyğun deyillər. Əvəzində, insanlara yanlış və populist fikirlər aşılayırlar.

Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox, belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki, kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdə axtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığını qəbul etmək istəmir. Əvəzində “imtahan çətin idi”, “suallar proqramdan kənar idi” kimi arqumentlər səsləndirirlər.

Özlərini “ekspert” adlandıranlar da məhz bu mifləri hazırlayıb cəmiyyətə ötürürlər. İctimaiyyət isə bu mifləri tez qəbul edir, çünki eşitmək istədiklərinə daha çox qulaq asır. Lakin biz məsələni obyektiv araşdırıb real vəziyyəti təqdim edəndə bu, bəzilərinin xoşuna gəlmir. Düşünən insanlar reallığı qəbul edir, amma bəziləri uğursuzluğunu sistemlə əlaqələndirirlər.

Bu şəxslərin cəmiyyətdə tanınması və ictimai nüfuz əldə etməsinin arxasında dərin bilik və peşəkar bacarıqlar deyil, məqsədyönlü piar kampaniyaları dayanır. Əlbəttə, piar vacibdir, lakin dövlət qurumunun fəaliyyətinə müdaxilə etmək, qeyri-qanuni yollara əl atmaq və paralel olaraq özünü bu sahənin mütəxəssisi kimi təqdim etmək nə etik, nə də mənəvi baxımdan qəbulolunandır".