Beynəlxalq axtarışda olan İran vətəndaşı Özbəkistana təhvil verildi
Beynəlxalq axtarışda olan şəxs Özbəkistan Respublikasına təhvil verilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Özbəkistan Respublikasının hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 30.03.1970-ci il təvəllüdlü, İran İslam Respublikasının vətəndaşı İmani Ali Abdollahın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
İmani Ali Abdollah 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

