Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib
Energetika nazirinin müavini Elnur Soltanov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin təşkilatçılığı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Sammitində iştirak edib.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir müavini sammit çərçivəsində “Dekarbonizasiya üçün konkret addımlar” adlı panel sessiyada çıxış edib. Elnur Soltanov dekarbonizasiya prosesində COP29-un roluna, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə və Avropa İttifaqının (Aİ) karbon tutumlu məhsulların idxalına tətbiq etdiyi Sərhəddə Karbon Tənzimləmə Mexanizminə (CBAM) dair fikirlərini bölüşüb.
Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin ədalətli enerji keçidinin təmin edilməsi və dekarbonizasiya tədbirlərinin inkişafı məhdudlaşdırmaması ilə bağlı mövqeyinə istinad edərək vurğulayıb ki, bu sahədə məcburetmə yanaşmasından deyil, daha çox təşviqedici mexanizmlərin gücləndirilməsindən istifadə olunması məqsədəuyğundur.
Elnur Soltanov Azərbaycanın karbon vergisinə yanaşmasının dekarbonizasiya üzrə tədbirlərin və bu istiqamətdə çəkilən xərclərin sərhəddə deyil, ölkə daxilində həyata keçirilməsinə, yaradılan əlavə dəyərin isə birbaşa milli iqtisadiyyata töhfə verməsinə əsaslandığını diqqətə çatdırıb.
Qeyd edək ki, hökumət, biznes, maliyyə və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi (ADSW) BƏƏ-nin dayanıqlı inkişafı sürətləndirmək üçün qlobal platformasıdır.

