Ağalıda torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbuluna başlanılıb
Fevralın 11-dən etibarən Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə sonuncu müraciətlərin qəbuluna başlanılıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ağalı kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi martın 13-ü günün sonuna qədər davam edəcək.
Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ölkə Prezidentinin 27 noyabr 2024-cü il tarixli fərmanının 4,1-ci bəndi və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənən "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 ha olmaqla suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur
Ağalı kəndinə köçən sakinlər aşağıdakı qaydada torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
1. EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)
2. Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" – "Ağalı" seçməklə ərizə formasını doldurmaq.
3. Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq Ağalı kənd sakini olduğunu (faktiki yaşayış yerinin Ağalı olduğunu) Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.
Müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması, və ərazilərin yerində tanıdılması apreldən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

