İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun qurulması sürətlə davam edir
İşğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr icra olunur. Hazırda ümumi uzunluğu 3 878,1 kilometr olan 68 layihə üzrə tikinti işlərinin aparılması nəzərdə tutulur.
Azerbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu çərçivədə ümumi uzunluğu 1 454,3 kilometr olan 30 layihə artıq başa çatdırılıb. Eyni zamanda, ümumi uzunluğu 2 432,8 kilometr təşkil edən 38 layihə üzrə tikinti işləri davam etdirilir.
Tunellərin tikintisi də diqqət mərkəzində saxlanılır. Belə ki, ümumi uzunluğu 71,2 kilometr olan 48 tunelin inşası planlaşdırılıb. Onlardan ümumi uzunluğu 13,6 kilometr olan 7 tunelin tikintisi yekunlaşıb, 57,6 kilometr uzunluğa malik 41 tunel üzrə isə işlər davam edir.
Körpü tikintisi sahəsində də mühüm irəliləyişlər əldə olunub. Ümumilikdə uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur. Bu günədək ümumi uzunluğu 8 839,1 metr olan 392 körpü artıq istifadəyə verilib.
Bununla yanaşı, ümumi uzunluğu 3 871 metr olan 16 viadukun inşası planlaşdırılıb. Onlardan 1 965 metr uzunluğa malik 9 viadukun tikintisi başa çatdırılıb.
Görülən işlər nəticəsində işğaldan azad olunmuş ərazilərdə müasir yol infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır, bölgənin sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaradılır.

