Komitə sədri Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Rüstəm Məlikovu təbrik edib
Hörmətli Rüstəm müəllim,
Sizi 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz uzun illər ərzində peşəkar jurnalist kimi Salyan rayonunun ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ardıcıl və prinsipial fəaliyyətinizlə seçilmiş şəxsiyyətlərdənsiniz.
1980–1990-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Salyan Rayon Yerli Radio Verilişləri Redaksiyasında redaktor vəzifəsində çalışdığınız dövrdə, eyni zamanda 1990-cı illərdən etibarən Salyan Rayon Xalq Deputatları Sovetində fəaliyyətiniz müddətində daim dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirmisiniz.
01 fevral 1999-cu il tarixindən etibarən Salyan rayonunun ictimai-siyasi qəzeti olan “Qələbə” qəzetində müxbir kimi fəaliyyətə başlamış, 15 dekabr 2005-ci il tarixindən isə həmin nəşrin baş redaktoru vəzifəsində çalışaraq peşəkar mövqeyinizi və əqidə bütövlüyünüzü qoruyub saxlamısınız.
Jurnalistlik fəaliyyətiniz dövründə müxtəlif media mükafatlarına, o cümlədən Həsən bəy Zərdabi mükafatına layiq görülməyiniz, zəhmətinizə verilən yüksək qiymətin göstəricisidir.

Rüstəm Məlikov
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan mətbuatının 140 illik yubileyi münasibətilə “Tərəqqi” medalı ilə, eləcə də ötən il milli mətbuatımızın 150 illik yubileyi münasibətilə yubiley medalı ilə təltif olunmağınız, həmçinin 2024-cü ildə Prezident təqaüdünə layiq görülməyiniz dövlət tərəfindən fəaliyyətinizə verilən yüksək dəyərin bariz ifadəsidir.
Müəllifi olduğunuz “Miras qalmış ömür” (2010), “80 illik ömrün 80 səhifəsi” (2011), “Qu nəğməsi” (2013) və “Alim və ziyalı” (2014) kitabları respublikamızın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən dəyərli əsərlər kimi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, 2010-cu ildən fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi çərçivəsində həyata keçirdiyiniz ondan artıq müxtəlif istiqamətli ekoloji layihələr, ekoloji maarifləndirmə işinə mühüm töhfə kimi qiymətləndirilməlidir.
Sizi bu əlamətdar yubiley münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və gələcək yaradıcılıq fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Sadiq Qurbanov

