“Pəri” şadlıq sarayının fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-in mətbuat xidmətindən  verilən məlumata görə. bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən “Pəri” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb. Obyektdə odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb. Obyektin mətbəxində yanğın təhlükəsizliyi baxımından standartlara uyğun olmayan qaz sobalarından və daxili qaz xətlərinin birləşməsində rezin borulardan istifadəyə yol verilib. Pilləkən qəfəslərində yanar materiallar yığılıb. Yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb. Taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb və zal hissəsinin divarları tezalışan materiallarla üzlənilib. Obyektin tüstü bacası təmizlənməyib. İnsanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb.

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Qusar şəhərində yerləşən “Pəri” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.