AQTA tərəfindən WUF13 tədbiri zamanı qidalanmanın təşkilinə nəzarət tədbirləri görülür

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) On Üçüncü Sessiyası zamanı iştirakçıların təhlükəsiz qida ilə təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət tədbirləri həyata keçirilir.
Tədbirə hazırlıq çərçivəsində qonaqların yerləşdiriləcəyi otellərin qida bloklarında qiymətləndirmələr aparılıb. Yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlarla bağlı obyektlərə icrası məcburi göstərişlər verilib və metodiki dəstək göstərilib. Təkrar qiymətləndirmələr nəticəsində nöqsanların aradan qaldırıldığı müəyyən edilib.
Bununla yanaşı, şəhər mərkəzində və otellərə yaxın ərazilərdə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində, eləcə də iri ticarət mərkəzlərində ümumilikdə 300-ə yaxın obyektdə monitorinq aparılıb. Həmin müəssisələrdə sağlamlaşdırma tədbirləri həyata keçirilib.
Həmçinin Bakı Olimpiya Stadionu ərazisində fəaliyyət göstərəcək 2 keytrinq şirkəti və 28 ticarət və ictimai iaşə obyektində də mütəmadi nəzarət tədbirləri görülür və məhsulların tələblərə uyğunluğu qiymətləndirilir. Bütün menyular, xammal və məhsullar Agentliklə razılaşdırılmaqla istifadə edilir. Etiketlərdə dolğun məlumatların əks etdirilməsi xüsusi diqqətdə saxlanılır. Daha operativ və çevik nəticələrin əldə olunması məqsədilə tədbir müddətində AQTA-nın tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək və məhsullar yerində müayinədən keçiriləcək.
Tədbir müddətində Agentliyin əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.