Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən avqustun 10-da ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov İsmayıllı rayonunda İsmayıllı, Qəbələ, Oğuz, Ağsu və Şamaxı rayonlarından olan sakinləri qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən  verilən məlumata görə, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb.

Vətəndaş qəbulu çərçivəsində ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, mineral xammaldan istifadə, məşğulluğun təmin edilməsi, eləcə də digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.