XİN Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyevi 2026–2030-cu illər müddətinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeni Baş katibi təyin olunması münasibətilə təbrik edib.
Bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Ona bu mühüm vəzifəsində uğurlar arzulayır, Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə, eləcə də AQEM-in məqsədlərinin həyata keçirilməsinə töhfə verməsini diləyirik", - deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq forumdur. Təşkilatın yaradılması ideyası 5 oktyabr 1992-ci ildə Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb. AQEM-in əsas məqsədi üzv dövlətlər arasında dialoq və əməkdaşlığı genişləndirmək, etimadı gücləndirmək və Asiyada ümumi və bölünməz təhlükəsizlik məkanının yaradılmasına töhfə verməkdir.
Təşkilatın əsas sənədləri 1999-cu ildə qəbul edilmiş Prinsiplər Bəyannaməsi və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Hazırda AQEM 28 üzv dövləti birləşdirir, 10 ölkə və 5 beynəlxalq təşkilat, o cümlədən BMT müşahidəçi statusuna malikdir. Təşkilatın ali qərar qəbul edən orqanı Dövlət və Hökumət Başçıları Şurasıdır. AQEM-in Katibliyi Qazaxıstanın Astana şəhərində yerləşir.
2024-ci ilin 17 dekabr tarixində AQEM-in Sədrliyi Azərbaycana keçib və bu müddət ərzində ölkəmizin “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında müəyyən edilmiş strateji prioritet istiqamətləri üzrə konkret nəticələr əldə edilib.
AQEM çərçivəsində daha sıx əməkdaşlığın inkişaf etdirilməsi, eyni zamanda onun institusional inkişafının irəlilədilməsi, habelə məqsəd və prinsiplərinin beynəlxalq platformalarda təşviqi istiqamətində qətiyyətli addımlar atıb.
Beynəlxalq və regional sülh, sabitlik və dayanıqlı inkişaf üçün transmilli hədə və çağırışların artdığı bir dövrdə AQEM-in oxşar prinsip və məqsədlərə xidmət edən beynəlxalq və digər regional təşkilatlar ilə əməkdaşlığının gücləndirilməsi istiqamətində atılan addımlar sırasında xüsusilə, Azərbaycanın təşəbbüsü ilə Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində 25 sentyabr 2025-ci il tarixində keçirilmiş AQEM-in Nazirlər Şurasının qeyri-rəsmi iclasında “Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80-ci ildönümü” üzrə AQEM Nazirlər Şurasının bəyanatının qəbul edilmişdir. Nazirlər Şurasının Bəyanatında Azərbaycanın AQEM Sədrliyinin səyləri yüksək qiymətləndirilmişdir.
2025-2026-cı illər ərzində AQEM-in Baş katibi Azərbaycana çoxsaylı səfərlər edib və Azərbaycanın AQEM-də Sədrliyi ilə bağlı müzakirə və məsləhətləşmələr aparılıb.
2026-cı il oktyabrın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti Bakıda keçirilib. Sammitin əsas nəticələri Bakı Bəyannaməsinin və Əməyin mühafizəsi və sağlamlığına dair Bəyanatın qəbul edilməsi, eləcə də Laosa AQEM-də tamhüquqlu üzvlük statusunun verilməsi olub. Bundan əlavə, Azərbaycanın təşkilata sədrliyi ölkənin səmərəli rəhbərliyinin tanınması əlaməti olaraq 2026–2028-ci illər üçün uzadılıb.

