YAP-ın Siyasi Şurasının iclasında deputatlara Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etmələri tövsiyə olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.

Bunu mətbuat konfransında çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ciddi müzakirə olunur:

“İnsanlar islahatların nəticəsini görür. Bu islahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək. Bu islahatların məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.

2019-cu ili islahatların daha dinamik aparıldığı il hesab etmək olar. 2019-cu ildə hamının məmnunluğuna səbəb olan sosial paket həyata keçirilib. Digər tərəfdən kadr islahatları aparılıb və insanların razılığı ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli, geniş əhatəli xarakter alıb.

Bu xətt bundan sonra da davam edəcək. YAP üzvləri belə qənaətə gəlib ki, islahatlar qanunvericilik sahəsindən kənarda qalmamalıdır. Bu gün YAP-ın Siyasi Şurasında üzvlər islahatların qanunvericilik sahəsinə də gətirilməsini məqsədəuyğun hesab ediblər. Siyasi Şuranın bütün üzvləri vahid mövqeyə gəliblər və parlamentin də islahatlara cəlb edilməsi həyata keçirilən islahatlara uğur gətirə bilər”.

Ə.Əhmədov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat korpusu ilə görüş keçirildi: “Deputatlar Siyasi Şuranın qərarına hörmət ifadə edərək parlamentə məktub ünvanlamaq qərarına gəldilər. Məktub yaxın günlərdə parlamentə ünvanlanacaq və hesab edirəm ki, parlamentdə bu qərara yaxın günlərdə baxılacaq”.