Elxan Məmmədov: Azarkeşlər böyük futbol bayramının şahidi olacaqlar

Buxarest şəhərində təşkil olunmuş püşkatma mərasimində AFFA-nın rəhbərliyi ilə birgə iştirak etdik. Sevindirici haldır ki, Bakı Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərdən biridir. Qrup mərhələsinin 3 oyunu ilə yanaşı, Bakı 1/4 final mərhələsinin oyunlarının keçiriləcəyi 4 şəhərin də sırasındadır. Böyük bir futbol bayramının birbaşa iştirakçısı olacağıq. Xüsusilə, Türkiyə millisinin qrup mərhələsində Bakıda iki oyun keçirəcəyi bizi sevindirir.

Bu sözləri Avropa çempionatının final mərhələsinin püşkatma mərasimindən danışarkən AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O

bildirib ki, Türkiyə futbolunun Azərbaycanda azarkeşləri çoxdur. Üstəlik, Türkiyədən öz milli komandalarının oyununu stadionda izləmək istəyənlər üçün ən rahat, ən yaxın və ən dogma şəhər Bakıdır.

“Bu baxımdan həm bizim üçün çox şanslı püşkatma oldu ki, Türkiyə millisi Bakıda oynacaq. Eyni zamanda, Türkiyə komandası üçün də uğurlu alındı ki, rəqibləri ilə Azərbaycan paytaxtında qarşılaşacaq. Uelsli və isveçrəli azarkeşləri də Bakıda gözləyirik”, - deyə AFFA-nın baş katibi vurğulayıb.

Xatırladaq ki, Avropa 2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç qarşılaşması, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir görüşü paytaxtımızda keçiriləcək.