Azərbaycan Prezidenti: Aidiyyəti qurumlar bu məsələ ilə nə üçün məşğul olmurdular?

Əgər düzgün işlər görülsəydi, vaxtında bu məsələlər üzə çıxsaydı, əlbəttə ki, biz bu vəziyyətdən daha az itkilərlə çıxardıq.

Bunu Prezident İlham Əliyev iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.

Dövlət başçısı bildirib:

"Uzun illər ərzində bu sahəyə dövlət nəzarəti olmamışdır, o cümlədən Prezident Administrasiyasından da olmamışdır. Mən Dövlət nəzarəti şöbəsinə göstəriş verəndən sonra onlar işə başladılar, geniş arayış hazırladılar. Kərəm Həsənov bütün məsələləri indi demədi, çünki vaxt baxımından imkan yoxdur. Amma bu arayışda hər şey göstərilib. Komissiya formalaşdı, işə başladı, üç ay ərzində təhlil apardı, demək olar ki, bütün qüsurlar üzə çıxdı. Yaxşı, bu qüsurları görən yox idimi? Aidiyyəti qurumlar bu məsələ ilə nə üçün məşğul olmurdular? Hesab edirdilər ki, orada boru çəkdim, burada kanalı betonladım. Bununla da iş bitir? Bununla iş bitmir. Gərək işi elə qurasan ki, fermerlər, vətəndaşlar razı olsunlar. Su qıtlığı ola bilər, təbii səbəblər var. Aydın məsələdir ki, keçən il, bu il heç tarixdə bəlkə də görünmədiyi səviyyədə quraqlıq var idi. Amma əgər düzgün işlər görülsəydi, vaxtında bu məsələlər üzə çıxsaydı, əlbəttə ki, biz bu vəziyyətdən daha az itkilərlə çıxardıq. Ona görə bugünkü müşavirədən sonra, əlbəttə, geniş tədbirlər planı hazırlanacaq. Bu gün səslənən təkliflər və eyni zamanda, aidiyyəti qurumlar tərəfindən aparılmış təhlil nəticəsində təkliflər, yerlərdən gələn təkliflər mütləq nəzərə alınmalıdır. Çünki regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramını və ondan sonrakı proqramları qəbul edərkən biz yerlərdən məlumat əsasında bir çox məsələləri o proqramlara daxil etdik. İnsanları nə narahat edir? Hansı rayonda hansı problem var? Bu ərizələr və təkliflər əsasında biz bu proqramları tərtib etdik. Eyni qaydada bu dəfə də bu, olmalıdır. Çünki bütün mövcud problemlər gərək bu proqramda öz əksini tapsın.

Su təsərrüfatı balansına gəldikdə, yaxşı ki, bu məsələ qısa müddət ərzində həll olundu. Təbii ki, bundan sonra müntəzəm olaraq su balansı hazırlanmalıdır. Bu, bizim üçün əsas “yol xəritəsi” olacaqdır. Su balansı tərtib olunmadan biz öz işimizi planlaşdıra bilmərik".