Rusiyada əcnəbi tələbələr COVID-19 testi verdikdən sonra dərslərə başlaya bilərlər

Rusiyada əcnəbi tələbələr iki həftəlik karantin müddətindən və COVID-19 testi verdikdən sonra dərslərə başlaya bilərlər.

Ölkənin Təhsil Nazirliyi belə qərar verib. Nazirliyin məlumatında deyilir ki, sərhədlərin açıq olduğu ölkələrdən Rusiyaya təhsil üçün gələn tələbələr iki həftəlik karantin müddəti və koronavirus testinin nəticələri mənfi çıxdıqdan sonra ənənəvi formada dərslərə başlaya bilərlər. Sərhədləri bağlı olan ölkələrin nümayəndələri isə hələlik təhsillərini distant formada davam etdirəcəklər.

Ötən təhsil ilində Rusiyada 297 min 993 əcnəbi təhsil alıb. Onların arasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Hindistan, Özbəkistan və digər ölkələrin nümayəndələri var.//AZƏRTAC