Dünyada koronavirusa yoluxanların sayı 27 milyon nəfəri ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 27 milyon nəfəri ötüb.

 “Worldometer” saytı xəbər verir ki, sentyabrın 5-də dünyada 269 min 378 nəfər koronavirus infeksiyasına yoluxub, 4822 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

İndiyədək dünyada koronavirus infeksiyasına 27 milyon 62 min 744 yoluxma və 883 min 740 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 19 milyon 162 min 697 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 16 min 307 xəstədən 60 min 720 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 431 min 152 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 4 milyon 123 min nəfər. Ötən sutka ərzində ən çox yoluxma halının qeydə alındığı (90 min 600 nəfər – bu həm də ölkədə koronavirus infeksiyasına rekord sutkalıq yoluxma halıdır) Hindistanda isə xəstələnənlərin sayı 4 milyon 110 min 839 nəfərdir. Rusiyada 1 milyon 20 min 310 nəfər, Peruda 683 min 702 nəfər, Kolumbiyada isə 658 min 456 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19-dan ölənlərin sayına görə də dünya lideridir – 192 min 818 nəfər. İlk beşliyə daxil olan Braziliyada 126 min 230, Hindistanda 70 min 679, Meksikada 67 min 326, Böyük Britaniyada isə 41 min 549 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.