Peşə Təhsil Mərkəzinin metodist-təlimçi heyəti distant təlimlərdə iştirak edib

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin CISCO şirkəti tərəfindən təşkil olunan distant təlimlərdə iştirak edən metodist-təlimçi heyətinə sertifikatlar təqdim olunub.

Peşə Təhsil Mərkəzindən  bildirilib ki, CISCO şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən həyata keçirilən təlimlərdə mərkəzin metodist-təlimçiləri öz bacarıqlarını təkmilləşdirib, müxtəlif virtual və real alətləri tətbiq etmək imkanı qazanıblar.

Tədbirdə CISCO şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov mərkəzlə qurulan əməkdaşlığın uğurlu nəticələrindən bəhs edib.

Mərkəzin direktoru Rəşad Xanlarov informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda, bu sahəyə marağı olan şəxslər üçün yaradılan imkanlardan danışıb.

Tədbirdə mərkəzlə CISCO şirkətinin əməkdaşlıq çərçivəsinin daha da genişləndirilməsi ilə bağlı hədəflər müzakirə olunub.