Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə qəbul üzrə müsabiqənin test imtahanı keçirilib.

DİM-dən bildirilib ki, sentyabrın 24-də keçirilən imtahanda dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC, B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə namizədlər iştirak ediblər. Ümumilikdə 1634 namizəd imtahan verib. Nəticələrə əsasən, 434 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Onlardan AB3 altqrupu üzrə 2, AB4 üzrə 1, AC1 üzrə 13, AC2 üzrə 36, AC3 üzrə 79, AC4 üzrə 117, BA1 üzrə 6, BA2 üzrə 8, BA3 üzrə 10, BA4 üzrə 23, BB1 üzrə 18, BB2 üzrə 18, BB3 üzrə 38, BB4 üzrə isə 65 namizəd uğur əldə edib.

İmtahan zamanı tapşırıqların həlli üçün kompüter üzərindən qeyd və hesablamaların aparılmasına imkan verən virtual qaralama alətlər paneli və virtual kalkulyator tətbiq olunub. Virtual qaralama vasitəsilə aparılan qeydlər yalnız qaralama məqsədi daşıyır və imtahan səhifəsindən çıxış zamanı yaddaşdan silinir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara uyğun vəzifələr üzrə sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.

Namizədlər sertifikat əldə etmək üçün sentyabrın 25-dən oktyabrın 8-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Müraciət zamanı ali təhsil haqqında sənədin, həmçinin olduğu halda əmək kitabçasının skan edilmiş surəti təqdim edilməlidir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası sentyabrın 25-də, 28-də və 29-da saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.

Qeyd edək ki, imtahanın birinci növbəsi saat 10:00-da başlayıb və 3 saat davam edib, ikinci növbə isə saat 16:00-da keçirilib. Namizədlər imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış olmaq imkanı əldə ediblər.