Azərbaycan bayrağının dalğalandığı Madagizin tarixi adı özünə qaytarıldı – Suqovuşan

Prezident İlham Əliyev oktyabrın 6-da “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində Azərbaycan Ordusunun Madagizdə Azərbaycan bayrağını qaldırdığını bildirib.