Prezident İlham Əliyev: Əgər vaxtında Ermənistana sanksiyalar tətbiq edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı

Biz dəfələrlə demişik ki, işğalçı dövlətə, Ermənistana sanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiq edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı.

Bunu Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Ermənistana qarşı çox ciddi təzyiq göstərilməliydi, sözdə deyil, əməldə. Amma təəssüf ki, bu, olmadı. Ona görə bu proses 30 il çəkdi. Otuz il heç bir nəticə verməyən danışıqlar artıq mənasını itirməkdədir. Bundan əlavə, son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həm təcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla danışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu. “Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq deməkdir. Çünki müzakirələrin əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar tədricən, mərhələli qaydada Azərbaycana qaytarılmalıdır. Bu, əsas prinsiplərdə təsbit olunub. “Qarabağ Ermənistandır” demək faktiki olaraq bu prosesə son qoyur. Buna oxşar digər açıqlamalar olubdur. Sonra iyul ayında Ermənistan Azərbaycana dövlət sərhədi istiqamətində hücum etdi, bir çox hərbçi və bir mülki şəxs həlak oldu. Ona görə atəşkəsin bərpası şərtlərlə təmin edilməlidir. İlk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxış təqvimi, yəni, çıxış cədvəli bizə təqdim edilməlidir. Bu məsələ ilə bağlı biz Minsk qrupuna artıq öz mövqeyimizi çatdırmışıq. Ümid edirəm ki, bizim bu çağırışlar, bu təkliflər cavabsız qalmayacaq".