Prezident İlham Əliyev: Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür

Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində söyləyib.

Dövlət başçısı bildirib:

"Mən bunu bir neçə dəfə açıqlamışam. Bir daha demək istəyirəm ki, mütləq Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır. Mən onu da bilirəm, Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni, bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi. Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Ancaq bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı. Ona görə mən də tam haqlı olaraq dedim, bir halda ki, Minsk qrupu 1992-ci ildə formalaşdı və o zaman hansı əsaslarla formalaşdı, bu haqda bizdə heç bir məlumat yoxdur. Əgər Minsk qrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayan ölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var. Onların orada mövcudluğu formal xarakter daşıyır. Yaxşı, biz əgər bu münaqişənin həll olunmasını istəyiriksə, - amma biz istəyirik, - elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. İndi Minsk qrupunun həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Yəni, bu nə qədər ədalətlidir? Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür. Ona görə bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var.

Geosiyasi reallıqlar dəyişib. 1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, bu, onları qıcıqlandırır. Onlar öyrəşiblər, təəssüf ki, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilibdir. Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır".